GAMŞ-ın növbəti iclası Vikipediya mövzusuna həsr olundu 2022-06-22 14:19:00 / MÜHÜM HADİSƏLƏR

İyunun 22-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  Gənc Alim  və Mütəxəssislər Şurasının növbəti yığıncağı keçirildi.

“Vikipediya nədir və coğrafiyanın vikipediyada yeri” mövzusuna həsr olunmuş tədbirdə gənc alimlərlə yanaşı İnstitutun vikipediya fəalları da iştirak etdilər.

Gənc Alim  və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Vikipediyanın əhəmiyyətindən danışaraq müasir cəmiyyətdə onun nəhəng informasıya bazası rolunu oynadığını, ölkəmiz haqqında müxtəlif məlumatları bu bazada yerləşdirməklə Vikipediyanın daha da zənginləşdirilməsinin  vacib olduğunu, elektron informasiya vasitəsi kimi gənclərin dünya görüşünün formalaşmasında onun mühüm önəm daşıdığını  xüsusi qeyd etdi.

   Sonra Cİ-nin əməkdaşı və İnstitutun viki qrupunun rəhbəri  Aida Aslanova mövzu ətrafında geniş təqdimatla çıxış etdi. Vikipediyanın önəmindən, coğrafiyanın Vikipediyadakı yerindən danışdı. Vikimediyanın 15 layihəsi haqqında ətraflı məlumat verən şura üzvü Vikipediyanın yaranma tarixi, təsisçiləri, vikimediya  fondu, vikipediyanın prinsipləri, istifadəçilərı və onların fəaliyyətləri, Vikimediyanın  ən böyük layihəsi olan Vikipediyada məqalələrin yerləşdirilməsi və onların vikiləşdirilməsi haqqında da ətraflı məlumat verildi. O həmçinin,  Coğrafiya İnstitutunda 17 nəfərdən ibarət gənc əməkdaşın bu sahədəki fəaliyyəti haqqında da məlumat verdi.

     Coğrafiya elminin bu portalda gələcək uğurlarından danışan Aida Aslanova  qeyd etdi ki, Vikipediyanın digər bir layihəsi olan “Mövzulu ay” layihəsində Coğrafiya ayının keçirilməsi nəzərdə tutulur. Layihənin keçirilməsində məqsəd Coğrafiya elminə dair məqalələrin həmin ayda çoxluq təşkil etməsidir. Daha sonra Mərkəzi Elmi Kitabxanada təlimlər keçmiş vikiqrupun üzvlərinin uğurundan danışan Aida Aslanova onların  sertifikatlarla təltif edilməsini diqqətə çatdırdı. 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024