Cİ-nin illik hesabatı 2015-12-17 23:55:00 / TƏDBİRLƏR

AMEA-nın Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun dekabrın 14-də keçirilən birgə iclasında “Coğrafiya İnstitutunun  2015-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında”  illik hesabatı  təqdim edilib.

İclasa sədrlik edən bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları giriş sözü ilə salamlayaraq, onları  gündəlikdəki məsələlərlə tanış edib.

Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İnstitutun 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabat məruzəsi ilə çıxış edib. Akademik  2015-ci ildə elmi-tədqiqat işlərinin  yerinə yetirilməsi və alınmış mühüm nəticələrdən söz açıb, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr və qrantlar, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib. 

Akademik Ramiz Məmmədov Prezident İlham Əliyevin Fərman və Sərəncamlarının icrası ilə əlaqədar görülən işlər haqqında danışıb, AMEA-nın 70 illik yubiley tədbirində dövlət başçısının irəli sürdüyü tapşırığa əsasən demoqrafiya məsələlərinin Coğrafiya İnstitutunda prioritet istiqamət kimi götürüldüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb.  Direktor bu il AMEA ilə yanaşı, Coğrafiya İnstitutunun da 70 ilinin tamam olduğunu qeyd edərək, bu münasibətlə institutda, eləcə də regionlarda keçirilən tədbirlərdən söhbət açıb.

Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyev, BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor  Tapdıq Həsənov və digərləri çıxışlarında İnstitut rəhbərinin hesabatındakı inkişaf dinamikasını diqqətə çatdıraraq  müsbət qiymətləndiriblər. Çıxışçılar 2015-ci ildəki elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirildiyini, kollektivin  bu ildəki məhsuldar əməyini qeyd ediblər, gələcəkdə də Azərbaycan torpaqlarının öyrənilməsi, məskunlaşma, iqlim dəyişmələrinin ətraf mühitə təsiri ilə bağlı tədqiqat işlərinə daha çox yer ayrılmasını  məqsədəuyğun hesab ediblər.  

Bölmə katibi F.Qədirov məsələnin müzakirəsinə yekun vurarkən deyib: “Coğrafiya İnstitutu Azərbaycanda ən yaşlı institutlardan biridir. Onunla  AMEA-nın yaranması tarixi demək olar ki, eyni vaxta təsadüf edir. Bu institutun həm təşkilatçılıq baxımından, həm də elmi istiqamətdə özünəməxsus ənənələri olub. O çox qısa zamanda keçmiş SSRİ məkanında tanınmış institutlardan birinə çevrilmiş və indi də AMEA-nın  ən görkəmli institutları arasında qalmaqdadır. Görülmüş işlərin sayına və əhəmiyyətinə görə bu il institutda iri addımlar atılmışdır”.

“Təbiətin və memarlığın möcüzələri” kitabının hazırlanmasında Coğrafiya institutu əməkdaşlarının böyük əməyini qeyd edən F.Qədirov onların ekspedisiyalara qatılmasını, təbiətin möcüzələrini fotolarda əks etdirmələrini, haqqında yazılar hazırladıqlarını və onları kitab halına saldıqlarını diqqətə çatdıraraq, bu elmi-tədqiqat fəaliyyətinin  də hesabata daxil edilməsini məsləhət görüb.

Bölmə rəhbəri Coğrafiya İnstitutunda beynəlxalq elmi-tədqiqat laboratoriyasının yaranmasına ehtiyac olduğunu və onun ekspedisiyaların maliyyələşməsi məsələsində müsbət rol oynaya biləcəyini  bildirib.

F.Qədirov AMEA Rəyasət Heyətinin qarşıya qoyduğu hər bir sorğuya və ya tədbirə vaxtında cavab və reaksiya verildiyinə görə Cİ  rəhbərliyinə təşəkkür edib.

Beləliklə, “Coğrafiya İnstitutunun  2015-ci  ildə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında”  illik hesabatı yaxşı qiymətlə qəbul edilib.

İclas  Coğrafiya İnstitutunun yeni strukturunun  müzakirəsi ilə davam edib.

Akademik Ramiz Məmmədov  müasirləşdirilmiş strukturu təqdim edərək bu istiqamətdə mühüm işlərin  görüldüyünü diqqətə çatdırıb, verilən sualları cavablandırıb.

Sonra Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə çıxış edərək Rəyasət Heyətinin müvafiq qərarına əsasən AR Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər üzrə Coğrafiya İnstitutunun təkliflərini səsləndirib. Fundamental və tətbiqi tədqiqatların ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi yönümündə olan məsələlər ətrafında çox geniş müzakirələr aparılıb.  Bir sıra əlavələr edilməklə  təkliflər qəbul olunub.

Tədbirin sonunda Fəxrəddin Qədirov AMEA-nın 70 illik yubileyi münasibətilə Coğrafiya İnstitutunun bir qrup əməkdaşına Yer Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim edib.  

X.Rzazadə,

Cİ-nin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024