R.Qardaşov beynəlxalq konfransda 2015-09-19 11:43:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov  sentyabrın 8-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı VIII Beynəlxalq konfransda iştirak etmişdir. O, Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutu, Rusiyanın D.S.Rojdestvenski adına Optika Cəmiyyəti, Sankt-Peterburq Dövlət Universiteti və b. təşkilatçılığı ilə keçirilən tədbirdə “Günəş parıltıları və dalğa spektri xarakteristikaları arasındakı əlaqələrin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Rauf Qardaşov konfransın proqram komitəsinin üzvü olmaqla yanaşı “Dəniz səthinin və dəniz atmosferinin optikası” seksiyasının aparıcısı olmuşdur.

İki gün sonra - sentyabrın 14-dən 18-dək Rauf Qardaşov Almanıyanın Hamburq şəhərində keçirilən “31-ci Avropa fotoqalvanik Günəş enerjisi və sərgisi” adlı tədbirdə iştirak edərək, orada  “Günəş avtomobilinin panelinə düşən Günəş enerjisinin modelləşdirilməsi və avtomobilin yol üzrə hərəkətinin simulyasiyasının web applikasiyası”   ("Modelling of the solar energy falling onto the panel of solar car and web-application for simulating the car motion along the road”) adlı məruzə ilə çıxış etmişdir.

Dünyanın hər yerindən 1500-dən  artıq tədqiqatçı-alimin bir araya gəldiyi  bu tədbir Avropa Birliyinin 31 il müddətində hər il Günəş enerjisindən istifadə sahəsində keçirdiyi ən böyük  konfrans və sərgi idi. R Qardaşovun məruzəsi Almaniya, Avstriya və Niderland tədqiqatçıları tərəfindən maraqla qarşılanmışdır.