Gənc alimlər "Agora"da 2015-05-28 21:30:00 / MÜHÜM HADİSƏLƏR

Uzaqdaydı mən istəyən ocaqlar,

Urəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox...

İstər-istəməz Nüsrət Kəsəmənlinin bu sətirləri yada  düşür..

Bu gün, 28 May Respublika günü münasibəti ilə  Coğrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri  ata himayəsindən məhrum olan uşaqları sevindirmək,eyni  zamanda,  uşaqlarda coğrafiyaya marağı artırmaq, bu sahədəki biliklərini artırmaq məqsədilə  Binəqədi rayonunda yerləşən “Agora”  şadlıq sarayına yığışdılar.

Tədbirin keçiriləcəyi haqqında  GAMŞ-ın iclasında qəbul olunmuş qərardan xəbər tutan Coğrafiya İnstitutunun əməkdaşları da bu tədbirə qoşulmuşdular.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkpərova zala toplaşan tədbir iştirakçılarını salamladıqdan sonra “Həyat bilgisi: ətraf mühitin mühafizəsi” mövzusunda uşaqlar üçün hazırlanmış slaydları nümayiş etdirdi,  Yer kürəsi, ətraf mühit, təbiətin ekoloji cəhətdən qorunması, qlobal  istiləşmə və s. haqqında balacaların anlaya biləcəyi şəkildə onlara məlumat verdi.

Sonra gənc alimlər yığılan vəsait hesabına alınan məktəb ləvazimatlarını – rəngli karandaşlar, xətkeş və pərgar dəstləri, qələm, dünya xəritəsi (2 dildə)  və sair hədiyyələri  uşaqlara payladılar, onlarla xatirə şəkilləri çəkdirdilər.

Tədbirin keçirilməsindən məmnun qalan institut əməkdaşları belə görüşlərin mütəmadi keçirilməsini vacib hesab etdilər.