Elmi seminarın iclası 2015-05-27 21:28:00 / ELMİ İCLASLAR

Coğrafiya İnstitutunun Elmi Seminarının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti  iclasında İnstitutun dissertantı, “Ecoland” şirkətinin əməkdaşı Hüseynov Aydın Tariyel oğlunun  “Abşeron yarımadası torpaqlarının radioaktiv maddələr və neft məhsulları ilə çirklənməsinin qiymətləndirilməsi” (Bakı yod zavodunun timsalında) mövzusunda məruzəsi dinlənilib.

Məruzəçinin dediyinə görə, Bakı yod zavodunun Suraxanı və Ramana istehsal sahələrində aparılmış tədqiqatların nəticəsi göstərir ki, torpaq ekologiyası ciddi şəkildə pozulmuşdur.  Həmin ərazilərdə ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılması və bu ərazilərin yaxınlığında məşkunlaşmış əhalinin sağlamlığına real təhlükə mənbəyinə çevrilmiş ərazilərin çirklənmədən təmizlənməsi üçün təxirəsalınmaz kompleks tədbirlərin həyata keçirilməlidir.

Sonra akademik Ramiz Məmmədov iclas iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində keçirilən “Ulu öndər H.Ə.Əliyevin anadan olmasının 92-ci ildönümü və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi” mövzusunda  yubiley konfransının nəticələri ilə tanış edib.