Seminar-məşğələ 2015-04-23 20:50:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislərinin Beynəlxalq Yer Gününə həsr edilmiş  “Yer kürəsinin ekoloji problemləri və ətraf mühitin mühafizəsi” mövzusunda elmi seminar-məşğələsi keçirildi.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının arzusu ilə coğrafiya və ekologiya  sahəsində təhsil alan dəvət olunmuş tələbələr  də seminarda  iştirak edirdilər.

Coğrafiya İnstitutu GAMŞ-ın sədri, c.ü.f.d. Samirə Ələkbərova tədbiri giriş sözü ilə açaraq, əvvəlcə Şuranın gördüyü işlərlə iştirakçıları və qonaqları tanış etdi,  GAMŞ-ın fəaliyyətini geniş əks etdirən videoçarxı təqdim etdi. Sonra S.Ələkbərova  “Təbiət və ekologiya” mövzusunda məruzə ilə çıxış etdi. Sədr Beynəlxalq Yer gününün əhəmiyyəti və  tarixi haqqında məlumat verərək bildirdi ki, artıq 30 ildir, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Bu gün maarifləndirmə tədbirləri ilə (sərgilər, mühazirələr, söhbətlər) yanaşı, həm də  mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər də yığılır.

ADPU Tələbə Gənclər Təşkilatının sədri Bahar Tağıyeva öz tərəfindən çıxış edərək tədbir iştirakçılarına Təşkilatın fəaliyyəti barədə məlumat verdi. O, Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yüksək səviyyəli elmi seminar-məşğələ keçirdiyi üçün ADPU-nun iclasda iştirak edən bütün iştirakçıları adından minnətdarlığını bildirdi.

Sonra  İnstitutun “Ekocoğrafiya” şöbəsinin doktorantı, kiçik elmi işçi Gülnar Hacıyeva “Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri” adlı məruzəsi dinlənildi. Gənc tədqiqatçı  Azərbaycanın relyefi və onlara antropogen təsir barədə qısa məlumat verdi, Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri və onların həlli yolları haqqında danışdı.

Daha sonra “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsinin kiçik elmi işçisi Rauf  Əmənov “CİS mühitində coğrafi xəritələrin tərtib edilməsi təcrübəsi” mövzusunda  məruzəsi ilə çıxış etdi.

Mövzular ətrafında  gedən müzakirələrdə fəal iştirak edən Coğrafiya İnstitutunun  gənc alimləri – c.ü.f.d. Z.İmrani, c.ü.f.d. N.Cəfərova, R.Əmənov, S.Abuşova, X.Hüseynova və digərlərinin səmərəli təkliflərlə çıxış etmələri  seminarın daha maraqlı və cəlbedici keçməsinə səbəb oldu. 

Sonda tədbir iştirakçıları İnstitutun doktoranturasında təhsil alan tələbələr, eləcə də gündəlikdə qoyulan mövzularla maraqlanan digər Universitet tələbələri üçün seminar və treninqlərin  keçirilməsini məqsədəuyğun hesab etdilər.