Birinci Azərbaycan -Türkiyə Coğrafiya Günləri keçirilir. 2017-05-04 13:43:00 / KONFRANSLAR

   2017-ci il 2-5 may tarixlərində Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C. Ege Üniversitəsi Ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir.

  Tədbirin birinci günü, mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycanın xarici siyasətinin prioritetləri, Azərbaycan və Türkiyə coğrafiyasında aparılan elmi tədqiqatların istiqamətləri və s. haqqında söhbətlər edilib, fikir mübadiləsi və müzakirələr aparılıb. Nahar fasiləsindən sonra “Əlaqələrin genişləndirilməsi və coğrafi yanaşmalar” mövzusunda Dəyirmi masa keçirilib. Daha sonra qonaqlar tanışlıq məqsədilə şəhəri gəzməyə çıxıblar.

   Mayın 3-də tədbir Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında elmi məruzə və müzakirələrlə öz işini davam etdirib.

   Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qonaqları salamlayaraq Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri münasibətilə iştirakçıları təbrik edib, bu tədbirin gələcək birgə fəaliyyət, elmi tədqiqatlar üçün bir stimul, başlanğıc olduğunu vurğulayıb. R.Məmmədov bildirib ki, “Türk dünyası coğrafiyası institutu” yaratmaq görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun ən böyük arzularından biri olub. Türk dünyası isə çox böyük məkandır, burada yeni söz deməyə, fəaliyyət göstərməyə geniş imkanlar var. Akademik hər iki tərəfin coğrafiyaçılarını  birgə fəaliyyət üçün aktiv olaraq əmək sərf etməyə dəvət edib.

   Prof. Dr. Ertuğ Önər qardaş ölkəyə gəlməkdən məmnun olduğunu söyləyib və tədbirin yaxşı səviyyədə təşkilinə görə razılığını bildirib, əməkdaşı olduğu T.C. Ege Üniversitəsinin  coğrafiya sahəsindəki fəaliyyətindən söhbət açıb.

   Tədbirin  keçirilməsində yaxından iştirakı olan, DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor Cingiz İsmayılov son illərdə Azərbaycanda və Türkiyədə coğrafiyanın vəziyyəti  haqqında danışıb, birgə əməkdaşlığın hər iki ölkə coğrafiyasının inkişafına böyük təkan verəcəyini qeyd edib.

 Sonra Proqrama uyğun olaraq elmi məruzələrə başlanılıb. “Türkiyənin Egey və Ağdəniz sahillərində paleocoğrafi – arxeoloji araşdırmalar”,“Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində təzahürləri”,“Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti...”, “Türkiyənin miqrasiya sistemində dəyişən mövqeyi...”,“...Türkiyə və yaşam tərzi”,“Türkiyədə tibbi coğrafi araşdırmalar”, “Yaradıcı turizm və Türkiyə”,“Azərbaycan Cumhuriyyəti: coğrafi durum və geopolitik davranışlar” və s. mövzularda maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

   İclasdan sonra iştirakçılar Bakı turuna çıxıblar.

 Mayın 4-də tədbir iştirakçıları Böyük Qafqazın cənub-şərq yamacına - Şamaxı rayonuna, AMEA N.Tusi adına Şamaxı Astrofizika RəsədxanasınaAMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səyahət edəcəklər.

   Ertəsi gün, mayın 5-də Qobustan Dövlət Tarix-Bədii Qoruğunda təşkil olunacaq görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi olunacaqdır.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024