Coğrafiya İnstitutu əməkdaşlarının “Böyük Bakinın antropogen geomorfologiyası” adlı yeni kitabı çapdan çıxıb. 2017-05-08 13:37:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının “Böyük Bakinın antropogen geomorfologiyası” adlı yeni kitabı çapdan çıxıb.

AMEA-nın müxbir üzvü, c.e.d. E.K. Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları - dosent S.Ə. Tarixazər, S.Q. Məmmədov və Z.Ə.  Həmidovanın müəllif olduqları monoqrafiya  akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə rus dilində nəşr edilib.

Kitabın birinci səhifəsi Bakının şəkli altındakı “Çox əfsus ki, monoqrafiyanın çapını görə bilməyən coğrafiyaşünas alim, gözəl insan Elbrus Əlizadənin xatirəsinə” sözləri ilə açılır.

298 səhifədən, 4 fəsildən ibarət olan əsər qrant layihəsi əsasında yerinə yetirilən tədqiqatların məhsuludur. Tədqiqatçılar ekoloji-geomorfoloji rəqəmsal xəritələşdirmə apararaq Böyük Bakı relyefini morfometrik təhlil etmiş, hipsometrik, meyillik, səmtlilik, üfüqi və şaquli parçalanma xəritələrini, yer səthinin ümumi, planlı və profil əyriliyinin xəritələrini və diaqramlarını tərtib etmişlər. Kitabda Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslər, gələcəkdə kütləvi şəkildə yaşayış və sənaye müəssisələrinin salınacağı ərazilərində ekogeomorfoloji gərginlik və  potensial sürüşmə təhlükəli zonalar haqqında ətraflı məlumat verilir.

Əldə olunan nəticələr Böyük Bakının yeni ərazilərinin şəhərsalma işlərində istifadə üçün çox qiymətlidirlər.

Monoqrafiya geomorfoloqiya, geoloqiya, ekogeomorfoloqiya, landşaftşünaslıq üzrə, o cümlədən, dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali təhsil məktəblərinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018