Şahvələd Xəlilovun 75 illiyi 2014-10-09 22:21:00 / YUBİLEYLƏR

AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstititunda görkəmli alim, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun  anadan olmasının 75  illik yubileyinə həsr edilmiş xatirə günü  keçirildi.

Tədbiri giriş sözü ilə Coğrafiya Institutunun direktoru,  akademik Ramiz Məmmədov açaraq bildirdi ki, Ş.Xəlilov coğrafiya elminə dəyərli töhfələr vermiş, görkəmli tədqiqatçı alimdir. O, Azərbaycan coğrafiyaçıları içərisində birinci olaraq yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini  işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu vermişdir.

Sonra İnstitutun Coğrafi fikir tarixi şöbəsinin müdiri, c.ü.f.d. Habil Haqverdiyev alimin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, Ş.Xəlilov coğrafiyaşünas alim olmaqla bərabər, eyni zamanda, ictimai xadim olmuş, Azərb. EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan müstəqillik əldə etdikdən sonra YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri,  AR Prezidenti yanında AAK Ekspert şurasının üzvü olmuşdur.

BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor Fərda İmanov, dekan müavini dosent Şəkər Məmmədova,  Təbiəti mühafizə kafedrasının müdiri, c.e.d., professor  Şövqi Göyçaylı, İqtisadi coğrafiya  kafedrasının müdiri, c.e.d., professor Tapdıq Həsənov, BDU Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyev, ADPU-nun Coğrafiya fakültəsinin dekanı, c.ü.f.d. Mətanət Əsgərova, Coğrafiya institutunun  Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. dosent Ənvər  Əliyev, Qurunun hidrologiyası şöbəsinin müdiri, c.e.d. Rəna Qaşqay, institutun elmi katibi Luiza Salayeva  və başqaları  Ş.Xəlilovla bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşdülər.

Alimin oğlanları və nəvəsi də tədbirdə iştirak edirdi.

Sonda Ş.Xəlilovun oğlu  tədbiri təşkil etdiklərinə görə ailəsi və qohumlar adından institut rəhbərliyinə öz təşəkkürünü bildirdi.