Astanada konfrans 2014-09-29 22:11:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə,  coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva və  İrina Kuçinskaya sentyabrın 25-dən 27-dək Qazaxıstanın Astana şəhərində ezamiyyətdə olublar.

Bütün Orta Asiya ölkələri, Çin, Azərbaycan, Rusiya, Monqolustan, Belarus və  Ukraynadan olan 120-dən artıq aparıcı mütəxəssisi özündə birləşdirən “Mərkəzi Asiyanın səhralaşması:  qiymətləndirmə, proqnoz, idarəetmə” 1 Beynəlxalq elmi-praktiki konfrans Qazaxıstan Milli Coğrafiya Cəmiyyəti, Coğrafiya İnstitutu və BMT-nin İnkişaf Proqramının himayəsi və birgə  iştirakı ilə təşkil olunmuşdu.

  Konfransda təbii ehtiyatların qorunması və effektiv istifadəsi, iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi şəraitində səhralaşma proseslərinin  proqnozlaşdırılması və idarə olunması,  ətraf mühitin  mühafizəsi və  davamlı inkişafı məqsədilə profilaktik tədbirlərin qiymətləndirilməsi məsələləri müzakirə olunub.

Müasir landşaftların həssaslığının ekspert qiymətləndirilməsini  verən A.Əlizadə “İqlim dəyişkənliyi və  antropogen yüklənmələrin güclənməsi şəraitində Azərbaycanda səhralaşma proseslərinin inkişafı tendensiyası”  adlı məruzə ilə çıxış edib.  O, eyni zamanda, Qazaxıstanın coğrafiya üzrə fəlsəfə doktoru F.Akiyanova ilə birgə “Səhralaşma: nəzəri aspektlər, iqlim dəyişikliyi və antropogen yüklənmələr şəraitində qiymətləndirmə və idarəetmə” bölməsinin moderatoru idi. Bölmədə səhralaşma proseslərinin yerüstü, kosmik monitorinqi və quraqlığın yaranması, müxtəlif ekosistemlərdə səhralaşma prosesləri,  səhralaşmada iqlim, texnogen və demoqrafik proseslərin təsiri haqda məruzələr dinlənilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024