Elmi seminar 2014-09-05 22:00:00 / ELMİ İCLASLAR

Sentyabrın 3-də  Coğrafiya İnstitutunun Elmi seminarı keçirildi.

 İlk əvvəl institutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin bu yaxınlarda dünyasını dəyişmiş aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru,   Əməkdar elm xadimi Mikayılov Almas Abdu oğlunun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Sonra İnstitut rəhbərliyi və əməkdaşları Dissertasiya şurasının elmi katibi, baş elmi işçi, c.ü. f.d., dosent  Məhərrəm Həsənovu 60 illik   yubileyi münasibətilə təbrik etdilər. Bu münasibətlə çıxış edən iş yoldaşları Məhərrəm müəllimin yüksək insani keyfiyyətlərindən söz açaraq onu  alicənab, təmkinli, əsl ziyalı, yaxşı yoldaş, dəyərli tədqiqatçı-alim kimi qiymətləndirdilər, ona can sağlığı, böyük uğurlar arzu etdilər.

Növbəti məsələ Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şuranın “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda keçiriləcək XVIII birgə sessiyasına hazırlıqla əlaqədar idi. Akademik R.Məmmədov bu barədə məlumat verdi, sessiyanın proqramı ilə işçiləri tanış etdi.

“Azərbaycanın coğrafiyası” 3-cildliyinin çapa hazırlığıının müzakirəsi zamanı AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadə, c.e.d. Xalid Tanrıverdiyev, c.e.d. Rəna Qaşqay və c.ü.f.d. Məhərrəm Həsənovdan ibarət redaksiya heyəti təsdiq olundu. Kitabın qısa müddətdə çapa hazırlanması qərara alındı.

Sonra İnstitut əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və c.ü.f.d., dosent İrina Kuçinskayanın Polşaının Krakov şəhərində Beynəlxalq Coğrafiya İttifaqının təşkil etdiyi konfransda iştiraklarının nəticələri haqqında E.Əlizadənin məruzəsi dinlənildi.

Coğrafiya İnstitutunun 70 illik yubileyinə hazırlıqla əlaqədar məsələyə baxıldı. Bu məsələ ilə bağlı institutun direktoru, akademik Ramiz Məmmədovun müəllifliyi ilə hazırlanıb çap edilmiş  məlumat kitabçası (ingilis dilində) və qovluq seminar iştirakçılarına nümayiş etdirildi.

Ukrayna Milli Elmlər Akademiyasının akademiki, Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurasının sədr müavini L.Q.Rudenkonun  Ukraynada baş verən məlum hadisələrlə bağlı BEAA-nın XVIII sessiyasına ünvanlandığı müraciəti oxundu.

Bununla da Elmi seminar öz işini yekunlaşdırdı.