E.Səfərov Tverdə təlim keçib 2014-08-26 21:51:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri  şöbəsinin elmi işçisi Elnur Səfərov Rusiya Federasiyasının  Tver şəhərində təşkil olunmuş “Məsafədən zondlama, su dövranı və iqlim dəyişmələri” mövzusunda seminar-təlim kursunda iştirak edib.

Təlim kursu   Ümümdünya Meteorologiya Təşkilatı  (WMO) və Kosmik Tədqiqatlar üzrə Komitənin (COSPAR) birgə təşəbbüsü ilə Tver Dövlət Universitetində təşkil edilmişdi. Təlimə  Avropa Aerokosmik Agentliyi (ESA), Ümümdünya  Meteorologiya Təşkilatı, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Peyk Meteorologiyası Təşkilatı (EUMETSAT),  həmçinin Rusiya Federasiyası  Elmlər Akademiyası (RAN) və digər təşkilatlarda çalışan yüksək ixtisaslı mütəxəssislər cəlb olunmuşdu.

10 gün davam edən təlim müddətində E.Səfərov  «Peyk müşahidə məlumatlarının hidrometeoroloji proseslərin tədqiqində və ətraf mühitin monitorinqində rolu”, “Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları”,  “Okeanoloji proseslərin peyk müşahidə məlumatları vasitəsilə  tədqiqi”  və s. mövzularda mühazirələr dinləmiş, praktiki məşğələlərdə yaxından iştirak etmişdir. Gənc alim  təlim kursunu müvəffəqiyyətlə başa vuraraq məsafədən zondlama sahəsində Beynəlxaq Sertifikata sahib olmuşdur.