Gənc Alimlər Şurasının yığıncağı 2014-05-08 17:51:00 / TƏDBİRLƏR

AMEA akd.H.Ə.Əliyev adına Coğrafiya institutunun Gənc Alimlər Şurasının yığıncağı keçirildi.

  Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru,   AMEA-nın  müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov elmin inkişafında gənclərin rolunu yüksək qiymətləndirərək, respublikada onlar üçün yaradılan imkanlardan söhbət açdı: “Ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının, müxtəlif layihələrin həyata keçirilməsi dövlətin gənc nəslə olan diqqət və qayğısından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti yanında yeni Bilik Fondunun yaradılması elm və  təhsildə olan boşluqları doldurmağa, bir çox ehtiyacları ödəməyə yardımçı olacaq”. R.Məmmədov gənclərin elmi və ictimai fəaliyyətində internet və digər  informasiya və kommunikasiya texnologiyalarından istifadənin, xarici dillərin mənimsənilməsinin   vacibliyindən danışdı, yüksək nəticələrə nail olmaları üçün fəallığı  artırmağı tövsiyə etdi.

İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə gənc alimləri təşəbbüskarlığa, novatorluğa cağıraraq onları elmi fəaliyyətlərinin cəmərəliliyini artırmaq məqsədilə müdiriyyətə etdikləri müraciətlərin cavabsız qalmayacağına, onlara imkan daxilində köməklik göstəriləcəyinə əmin etdi.

İnstitutun həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev gənc kadrların potensialından istifadə etməyin vacibliyindən söz açdı. O, institutda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini vurğuladı.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, e.i. c.ü.f.d. Samirə Ələkbərova Şuranın tərkibi, strukturu, üzvləri, idarə heyəti, vəzifələri, gənc alimlərin sosial məişət məsələlərinə dair problemlərin həlli yolları  və s. barədə iclas iştirakçılarına məlumat verdi, qarşıda duran öhdəliklərin icrası və problemlərin operativ həlli üçün gənclərin mütəmadi olaraq iclaslar, elmi seminarlarda toplanmasının vacib olduğunu xüsusi qeyd etdi.

GAMŞ-ın sədr müavini, k.e.i. Rauf Əmənov görülməsi nəzərdə tutulan işlər  və təkliflər barədə danışdı. Gənc alim elmi seminar və təlimlərin təşkil olunması, layihələrin yazılma qaydaları, CİS nəzəri məlumatlandırma seminarlarının keçirilməsi, xaricdə impakt faktor olan jurnallarda məqalə çapı və yazılma qaydaları, conversation klubun təşkil olunması, effektiv məqalə, dissertasiya yazma qaydaları, İnstitutun maddi-texniki bazasından istifadə imkanları və s. haqqında geniş məlumat verdi. R.Əmənov gənclərin elmi seminarlarda, yığıncaqlarda aktiv iştirakını təmin etmək məqsədilə məlumatlandırma üsullarından olan Coğrafiya İnstitutunun və Coğrafiya Cəmiyyətinin saytlarından, GAMŞ-ın Feysbuk cəhifəsindən, gənclərin elektron poçtlarından və s. istifadənin mümkünliyünü qeyd etdi.

Sonda gənc alimləri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024