Konfrans öz işinə başladı 2013-06-03 12:51:00 / KONFRANSLAR

2013-cü il iyunun 3-də AMEA-nın Yer Elmləri Bölməsi, AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin  90 illik yubileyinə həsr olunmuş  “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

Konfransda Belarusiyadan dəvət olunmuş V.F.Loginov, Ukraynadan L.Q.Rudenko, Gürcüstandan A.A.Kordzadze, İ.V.Bondırev, Serbiyadan C.Despotoviç, Qazaxıstandan A.R Medeu, İrandan H.Xoşrəvan və başqaları iştirak edirdilər.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. O müzakirə olunacaq məsələlərdən, keçırılən tədbirin əhəmiyyətindən söz açaraq konfransın işinə uğurlar arzuladı.

Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov dəvəti qəbul edərək tədbirdə yaxından iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi və iştirakçıları konfransın proqramı ılə tanış etdi. R.Məmmədov qeyd etdi ki, konfrans çərçivəsində regionların landşaft ekoloji müxtəlifliyini qorumaqla geosistemlərin rekreasiya potensialının dərindən tədqiqi və ondan turizm sənayesinin inkişafında səmərəli istifadə edilməsi və ekoturizmin perspektiv istiqamətləri geniş miqyasda təhlil olunacaqdır.

Sonra “Qlobal və regional iqlim dəyişmələrinin mövsümi və çoxillik xüsusiyyətləri və onların mümkün səbəbləri” (V.F. Loginov), “Qafqaz regionu üçün təbii mühitin vəziyyətinin proqnozu və monitorinq sisteminin hazırlanması haqqında” (A.A.Kordzadze), “Qlobal dəyişmələrin Xəzər dənizi ekosisteminə təsiri” (R.Məmmədov), “Təbiətdən istifadə: mahiyyəti, nəticələri və cəmiyyətin reaksiyası” (L.Q.Rudenko), “Dağ geosistemlərinin geodinamiki gərginliyinin  qiymətləndirilməsinin landşaft-ekogeomorfoloji problemləri” (E.K.Əlizadə),  “Avropa Birliyi  Su Çərçivə Direktivində  Çay Hövzəsinin İnteqrasiyalı İdarəedilmə Planı üçün çayların hidromorfoloji analizi” (C.Despotoviç), “Ərəbistan-Avrasiya kolliziya zonasının müasir kinematikası” (F.Ə.Qədirov), “Cənubi Qafqazın buzlaqları” (İ.V.Bondirev), “Qazaxıstanın su problemləri və onların həlli yolları” (A.R.Medeu), “Xəzər dənizi sahil qumlarının zaman və məkan dəyişkənliyi” (H.Xoşrəvan)  və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı, suallara ətraflı cavablar verildi.

Məruzələr nəzərdə tutulduğu kimi, müxtəlif fasilələrlə 3 plenar iclasda dinlənildi və konfransın 1-ci günü 16.30-da başa çatdı.