Azərbaycan Avropa ölkəsidir 2013-08-09 12:37:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyası  və Azərbaycan Coğrafiya Cəmiyyəti uzun müddət mübahisəli olan Avropa qitəsi ilə Asiyanın arasındakı sərhəd xəttinin keçdiyi məntəqələri dəqiqlıklə müəyyənləşdirmişlər.

Məlumdur ki, bu qitələr arasındakı sərhəd 1964-cü ildə qəbul olunmuş xətt üzrə keçirilmişdir.

Lakin bu, mübahisəli sərhəddir. Ona görə də həm Rusiya Federasiyasında, həm də Qazaxıstanda yeni sərhəd xətti müəyyən olunaraq o, Xəzər dənizinin şərq sahilindəki Mangistau yarımadasına qədər gətirilmişdir.

Fərz edilirdi ki, sərhədin davamı Abşeron yarımadasından keçməklə, Böyük Qafqazın su ayrıcı boyu uzanaraq Qara dənizə qədər çatmalıdır. Azərbaycan ərazisindən keçən xətt üzrə təkliflər hazırlanmış və bu haqda  ilk dəfə olaraq geologiya-minerologiya e.n. Rəşid Fətəliyev məqalələr çap etdirmişdir.

Öz növbəsində, Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti həmin sərhədin keçdiyi məntəqələri müəyyənləşdirmiş və AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun rəhbərliyi ilə  7 avqust tarixində Abşeron rayonunun Fatmayı kəndi yaxınlığında və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhəd xətti bildirən rəmzi göstəriciləri  orada  vurmuşlar. Beləliklə, AMEA Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti yeni sərhəd haqqında öz təkliflərini ictimaiyyətə təqdim etmişdir.