İndi dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər Avrasiya məkanında tamamilə yeni, sivil dünyanın qəbul etdiyi mənəvi-mədəni və sosial-siyasi modeldə türk etnik arealının bütövləşməsi üçün son dərəcə vacib şərait yaratmışdır. Qərbli qabaqcıl mütəfəkkirlərin və sosioloqların proqnozlarına görə, elmi-texniki tərəqqinin nəticəsi olaraq fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşması, “kontinentlərarası dialoqlar” son nəticədə tamamilə yeni keyfiyyətli “sintez sivilizasiyası”nın yaranmasına aparıb çıxarır. Etnik-milli “Mənliyimiz”in bu sintez proseslərində məhv olunmasının qarşısını almaq, türk xalqlarının tarix boyu yaratdığı mədəni dəyərlərin müasir sivil dünyanın təşkilində iştirakına nail olmaq üçün qloballaşma prosesinə ayrı-ayrı etnik qəlpələr və hissələr kimi deyil, ortaq türk bütövü kimi daxil olmaq lazımdır.

Bəşəriyyət — müasir sivilizasiyaya əsrlər boyu türkün bu tarixi-coğrafi dəyərləri vasitəsilə gəlib çıxıbdır. Tarixən türkçülüyün əldə etdiyi bu ortaq dəyərlərin planetar mənəvi universuma daxil edilməsinin indi daha çox önəmi vardır. Son dərəcə mürəkkəb iqtisadi-coğrafi, sosial-siyasi, dini-ideoloji və etnik-regional münasibətlər şəbəkəsinə malik olan müasir dünyada etnik bir bütöv olaraq mövcud olmaq üçün tarixən qazanılmış etnik potensialdan istifadə etmək və daha çox o potensiala istinad etməyi bacarmaq lazım olmuşdur. Etnik potensiala əsaslanmanın isə bir-birindən fərqli müxtəlif üsulları vardır. Bu üsulların içərisində ən effektivi isə ortaq folklora müraciətdir. Təbii ki, hər bir millətin etnik kimliyi, tarixən əldə etdiyi mənəvi-əxlaqi resursları heç bir milli-ictimai təsisatda olmadığı səviyyədə folklorda qorunub saxlanılmışdır. Xalqın tarixi, genezisi, etnik xarakteri, fəlsəfi dünyagörüşü, etik-estetik görüşləri, milli psixologiyası, mentaliteti folklorda bir mənəvi sistem olaraq mövcuddur.
Qədim türk dünyasının əsas ortaq sərvətlərindən biri ənənəvi tarixi İpək Yoludur. Türkdilli xalqlar əfsanəvi və bəşəri dəyəri olan İpək Yolunun formalaşmasında və fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayıblar. Bu günlərdə — sentyabr ayının 3-də Qırğızıstan Respublikasının mirvarisi — İssıq gölü sahilindəki mədəniyyət mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammitində qədim İpək Yolunun tarixi davamlığını gücləndirmək məqsədilə qəbul olunmuş beynəlxalq tədbirlər lahiyəsi bir daha türk birliyini təcəssüm etdirdi. Üzərindən keçən tarixi ticarət karvanları vasitəsilə İpək Yolu bu xalqların iqtisadi, ticari və mədəni cəhətdən yaxınlaşmasına, mədəni birliyin yaranmasına və incəsənət nümunələrinin bir-birinə tanıdılmasına və milli dəyərlərin ötürülməsinə, türk dünyasının mədəni irsinin zənginləşməsinə dərin təsir göstərmişdir.
Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yeri və rolu indi də var. Bu baxımdan, İpək Yolu bütün türk dünyasının ortaq tarixi-mədəni dəyəri və mirasımızdır. Bu mirasın coğrafiyasının öyrənilməsi, yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir. Hazırda TÜRKSOY dünyasına məxsus ictimai-siyasi qurumlar öz fəaliyyətində İpək Yolu məsələsinə ortaq dəyər kimi diqqət yetirir və potensial variantlar işləyirlər. 
Yalnız mədəniyyətlərarası ortaq dialoqlar milli dəyərlərimizi qoruyub saxlamağa imkan verir. Eyni zamanda türkdilli xalqları ortaq adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Bununla belə, təcrübələr göstərir ki, mədəniyyətlərarası dialoq mədəni özünəməxsusluğu qorumaq və həmçinin yeni milli genetik dəyərləri formalaşdırmaq üçün kifayət qədər coğrafi zəmin yaradır.
Ümumdünya coğrafiyasında böyük yer tutan qədim türk dünyasını landşaft məkanı olaraq Böyük çöl birləşdirir. Böyük çöl coğrafiyası dünya xəritəsində meşə mühiti ilə səhra strukturu arasında olan geniş əraziləri əhatə edir. Bəzən də yuxarı sərhədlərini dağlar, aşağı uzantılarını dənizlər əhatə edən bu çöllər Şərqdən Qərbə doğru, Gündoğandan Günbatana qədər uzanıb gedir. Böyük çöllər məkanının bir hissəsində isə landşaftın strukturu bir qədər dəyişir, çöllük əraziləri bozqır torpaqlarla əvəz olunur. Böyük çöllərin bozqır torpaq örtüyündə və hətta bitki aləmində müəyyən fərqlər olduğu kimi, türk dünyasının milli-etnik tərkibində də bir-birini tamamlayan oğuzlar, qıpçaqlar, türkmənlər, qaşqaylar və başqa bənzər müxtəlifliklər vardır. Bu, eyniliklərin və bənzər müxtəlifliklərin sintezi, yəni Böyük çöllə Bozqır landşaftının vəhdəti geniş mənada türk dünyasını özündə cəmləşdirir. At, ilxı, çadır, yovşan, karvanqıran, sürü, çaylar və vadilər Böyük çölün və Bozqırın rəmzləri kimi türk dünyasını səciyyələndirir. Eyni zamanda, türk dünyası coğrafiyasında adət-ənənə, mətbəx, məişət və ortaq mərasimlər də oxşar, yaxın və doğmadır. Ən əsası isə dil faktoru türk dünyasında mühüm birləşdirici vasitə kimi çox fəal iştirak edir. Qədim türklərin tanrıçılıq inancı ilə sonrakı dövrlərin İslam dini dünyagörüşü arasındakı birlik də türk dünyasını mədəni zənginliyə və mənəvi bütövlüyə qovuşdurmuşdur. Qədim türk inanclar sistemi ilə İslam dini dünyagörüşünün çarpazlaşması XI-XIII əsrlərdə böyük müsəlman intibahını yaratmışdır. Müsəlman intibahı bəşəriyyətə qüdrətli elm, sənət, fikir bahadırları bəxş etmişdir. Bu mənada türk dünyası coğrafiya baxımından ümumdünya coğrafiyasının tərkib hissəsi olduğu kimi, üfüqlərdən-üfüqlərə qədərki geniş ərazilərdəki qohum xalqların mədəniyyətləri də böyük bir toplumun zəngin mənəvi mirası olmaqdan başqa, həm də bəşər sivilizasiyasının ayrılmaz bir parçasıdır. Bu, bənzərsiz müxtəlifliyə malik landşaftlarda məskunlaşmış qohum xalqları tarixi tale, ortaq köklər və milli-mənəvi dəyərlər birləşdirir. Həmin böyük coğrafiyada baş verən yeni tarixi etnik proseslər və diferensial inteqrasiya türk dünyasında və ümumən dünyada yenidən məkan zənginləşməni şərtləndirir, daha böyük inkişafa təkan verir. Bu isə türk dünyasının, son nəticədə dünya mədəniyyətinin milli-genetik keyfiyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edir. Buna baxmayaraq, son zamanlar türk dünyasında baş verən bu coğrafi inkişaf və ortaq dəyərlərə ikili standartlarla yanaşma XX əsrin əvvəllərindən etibarən siyasi-ideoloji mühitdə pantürkizm, panislamizm kimi düşünülmüş damğaları meydana çıxarmışdır. Eyni zamanda, tarixin müxtəlif dövrlərində etnik proseslərdə qabaran yersiz millətçi ideyalar ümummilli dəyərlərin üfüqlərini aşdıqda daxili ziddiyyətlərə, hətta bəzi hallarda parçalanmaya gətirib çıxarmışdır. Bu prosesləri tənzimləməyin ən münasib yolu, əsas vasitəsi mədəniyyət və ədəbiyyat amilinin üstünlüyünün qorunub saxlanılmasından və ardıcıl olaraq ortaq inkişaf etdirilməsindən ibarətdir.
Cəmiyyətdə ortaq dəyərlərin və baxışların tarazlı bir səviyyədə yaşadılması, mənəvi qabarma və çöküşmələr arasındakı mövcud geosiyasi ziddiyyətlərin, çatların aradan qaldırılmasına əlverişli şərait yaradır. Həm də ortaq mədəniyyət amili müxtəlif sivilizasiyalar arasındakı tarixi-coğrafi əlaqələrin, yaxınlaşmaların, bəzən isə hətta milli-siyasi harmoniyanın təmin edilməsində mühüm rol oynayır. Buna görə də tarixən qədim türk dünyasında ortaq mədəniyyət faktoru milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər arasında böyük körpü funksiyasını yerinə yetirir. Özlüyündə mədəniyyət coğrafiyası isə geniş anlayış olub dil, ədəbiyyat, teatr, musiqi, təsviri sənət, mətbuat, adət-ənənə, milli mətbəx və sair kimi mənəvi sərvətləri əhatə edir. Mədəniyyətlə qoşa addımlayan ortaq ədəbi irs milli ruhu və mənəviyyatı uzunmüddətli qoruyub saxlayır və coğrafi təkamül salnaməsi kimi gələcək nəsillərə ötürür.
Həqiqətən həyatda elə reallıqlar var ki, hər bir millətin tarixini, genetik kimliyini, tarixi məskunlaşmasını bir bayraq kimi yüksəklərə qaldırır, onu yaşatdıqca tarixiləşir və yaşadır, bütün dünyanın milli dəyəri kimi tanıdır. Bu coğrafi reallıq tarixin daş yaddaşına həkk olunaraq özünə əbədiyyət səhifəsi açır. Mənsub olduğu millət yaşadıqca, yer üzündə var olduqca, o da öz coğrafi papulyasiyasını genişləndirir. Hazırkı türk dünyası kimi dünyəvi millətin fəxr abidəsinə, qürur məbədinə çevrilir. Gələn türk nəsilləri bunları oxuyur, xalqının tarixini hafizələrə köçürür. Onun mənəviyyatı, məişəti, mədəniyyəti ilə o, yaddaşda qalanlar vasitəsilə tanış olur. Nəticədə türkçülük millətinin tarixi kimliyi, ortaya çıxışı, dili, coğrafiyası haqqında onlardan öyrənir. Tarixi yaddaşlar qəlpə-qəlpə təzələnir tarix və onunla yanaşı, bütün coğrafi şərtlər ortaya çıxarılır. 
Klassik mənbələr göstərir ki, qədim türk xalqlarının 5 minillik ədəbi birlik tarixi var. Bu xalqların tarix və coğrafiyasını əks etdirən mənbələr yaddaşla nəsildən-nəsilə keçən xalqın yaradıcılığı ilə bağlanır. Türklərin əsrlərdən bəri yaratdığı bu mənbələr indi də qorunub saxlanılır. Məsələn, Hun türklərinin “Oğuzxaqan”, göytürklərin “Bozqurd”, uyğur türklərinin “Köç” dastanları İslama qədər yayılmışdır. İslamdan sonra Qaraxanlı türkləri “Satuq Buğraxan”, oğuz türkləri “Kitabi-Dədə Qorqud”, qırğızlar tarixi “Manas” dastanlarını yaratmışlar.
Ümumtürk dillərinin coğrafi təkamül tarixi özlüyündə bir neçə dövrə bölünür. Bu dövrlərdən X-XVI əsrləri əhatə edən Orta türk dövrü coğrafiyası daha çox diqqəti cəlb edir. Həmin dövrləri səciyyələndirən bir sıra tarixi-coğrafi abidələr günümüzə qədər gəlib çıxmışdır. Bu da ümumi dilçilik ortaq mədəniyyətinin ortaya çıxmasına çox kömək etmişdir. Bunlardan Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” əsəri, Yusif Xas Hacib Balasağunlunun “Qutadqu bilik” poeması, “Kitabi-Dədə Qorqud” dastanları, “Manas” dastanı ümumtürk ortaq dəyərlərinin inciləri hesab olunur və V-XI əsrlər arasında türkçülük papulyasiyasının ortaq körpüsü kimi də qiymətləndirilir. Tarixi Orxon-Yenisey abidələrinin coğrafiyasının öyrənilməsinə, qədim türk xalqları, onların dialekt və şivələri haqqında tarixi-coğrafi mühakimə yürütməyə imkan verir. Həqiqətən türk dillərinin oğuz qrupuna mənsub olan “Kitabi-Dədə Qorqud” dastanları və bütün türk dillərini əhatə edən “Divani lüğat-it türk” dil tariximizin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Türkdilli xalqlar eyni zamanda dünya tarixi mədəniyyətinin coğrafiyasında əhəmiyyətli rol oynamışdır. Türkdilli dövlətlər və xalqlar indi də ümumi tarixi kökləri, ortaq zəngin irsi, dil, incəsənət, ədəbiyyat, adət-ənənələri, milli-mənəvi dəyərləri nəzərə alıb zəncirvari şəkildə bağlanır. Bu xalqlar geniş coğrafiyada yayılmaqla əksəriyyəti İslam, bir qismi isə digər dinlərə sitayiş edirlər və bu müxtəliflik, əslində, türk dünyasının mənsub olduğu coğrafiyanın tarixi-mədəni zənginliyindən xəbər verir. Bunlar onu göstərir ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib. O cümlədən, türkdilli xalqların dahi şəxsiyyətləri — mütəfəkkirləri, yazıçıları və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Bu baxımdan, dünyəvi Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtumqulu, Abay Kunanbayev, Çingiz Aytmatov kimi türk dahilərinin əsərləri dünya inciləri sırasındadır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanları bütün türk dünyasının ortaq sərvətidir.
Bəşəri sivil baxımından türk xalqlarının tarixi ən qədim dövrlərin tarixilə üst-üstə düşür. Bu reallıq türk xalqlarının qədimliyini, mövcudluğunu, həm də məhz bu torpaqlarda mövcudluğunu isbatlayan “Kitab-i Dədə Qorqud əla lisan-i taife-i Oğuzan” — “Oğuz tayfalarının dilində Dədə Qorqudun kitabı” adlı oğuz türk dastanı ən qədim yazılı nümunədir.
Ümumiyyətlə, bu dastanlarda xalqın ortaq hissləri və vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sifətləri təbliğ edilir. Tarixən məlumdur ki, hələ VI-VII əsrlərdən başlayaraq oğuz-türkmən qəbilələri Azərbaycan ərazisinə gəlir, yerlilərlə qaynayıb qovuşur, Azərbaycan xalqının etnik tərkibinə daxil olurdular. X-XI əsrlərdə böyük şəhərlərdə, kəndlərdə yaşayan oturaq əhalidən fərqli olaraq köçəri həyat keçirən əhali, əsasən maldarlıqla məşğul olduğu üçün sabit coğrafi məskənə malik deyildi. Onlar fəsillərə uyğun olaraq tez-tez yerlərini dəyişir, qışlağa və yaylağa köçürdülər, bu da onların məişət tərzinə təsir etməyə bilməzdi. Düzdür, “Kitabi-Dədə Qorqud” dastanlarında oturaq həyatdan da danışılır, üzüm bağlarından, şərabçılıqdan bəhs edilir, lakin qeyd edək ki, ümumiyyətlə, epos daha çox köçəri-maldar əhali içərisində yaranmışdır. Buna görə də köçəri həyat keçirən yerli tayfaların mənəvi ruhu, səviyyəsi, adətləri, hətta dünyagörüşü daha qabarıq bir şəkildə eposda öz əksini tapmış və mühafizə olunmuşdur. Əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün tam və yaxud qismən anlaşıqlı olsa da, lüğət tərkibi, frazeologiyası və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dili ilə bağlıdır. 
Maraqlı olan cəhət budur ki, “Dədə Qorqud” dastanları bütün dövrlər üçün aktual bir əsər kimi dəyərləndirilir. Əsərin aktuallığı ilə bağlı ümummilli liderimiz Heydər Əliyev belə demişdi: “Ana kitabımızın hər bir azərbaycanlı, o cümlədən elm adamları tərəfindən dərindən öyrənilməsi elmin və elm adamlarının milli vətəndaşlıq borcudur”. 
Tarixi mədəniyyətimizin şah budağı olan “Kitabi-Dədə Qorqud”da coğrafi hadisələr ulu babalarımızın yaşadığı bütün torpaqlarda—Dəmir qapı Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş ərazilərdə cərəyan edirdi. Tarixi araşdırmalar türk etnoslarının Türkiyə və Azərbaycan ərazisində yaşadıqlarını təsdiqləyir. Hər iki ölkənin ərazisindəki coğrafi toponimlər Türk etnoslarının, əsasən də Oğuzların bu ərazilərin sakinləri olduğunu sübut edir. Bu səbəbdən areal toponimlərin tarixi, coğrafi, eləcə də dil baxımından araşdırılması çox aktual məsələlərdən biridir. Azərbaycan, eləcə də Türkiyə ərazisində türkdilli qəbilə və tayfaların məskunlaşmasının tarixi lap qədimlərə gedib çıxır.
Onu da qeyd edək ki, toponimik adların təkrarlanması və yayılması qanunauyğunluğu müxtəlif antropoloji səbəblərlə bağlıdır. Çox vaxt tayfalar yaşamaq üçün əlverişli əkin yerlərinin olmaması səbəbindən, bəzən də savaş nəticəsində məcburi köçürlər. Müxtəlif dövrlərdə bir ərazidə yaşayan tayfalar başqa əraziyə köçərkən toponimlərin adlarını da özləri ilə aparmış, məskunlaşdıqları yerə qoymuşlar. Bu zaman ərazidə yaşayan yerli tayfalar və ya tayfa birləşmələri həmin adları düzgün tələffüz edə bilmədiklərindən ya təhrif etmiş, ya da yazılışında yanlışlığa yol vermişlər. Beləliklə, ayrı-ayrı tayfalar və xalqlar tərəfindən coğrafi obyektlərə verilən terminlər bir-birinə qarışır və əsl türkmənşəli terminlər deformasiyaya uğrayır. Hazırda bu cür milli genetik deformasiyalara allaxtonizm prinsiplərinə xidmət edən erməni millətçilərinin Azərbaycan coğrafiyasında törətdikləri transformasion hərəkətləri ən yaxşı misaldır. Çünki paleocoğrafi və biogenetik prinsiplərə uyğun olaraq erməni xalqının coğrafiyası həqiqətən allaxton törəmələrdir.
Ümumiyyətlə, onomastik adlar, əsasən də həqiqi milli toponimlər təkcə respublikamızın deyil, digər dövlətlərin ərazisində yaşamış bir sıra tayfa, həqiqi qəbilə adları ilə əlaqəli şəkildə öyrənilməlidir. Prinsip etibarilə türk dünyasında ortaq və yaxud əlaqəli şəkildə onomastik vahidlərin öyrənilməsi hər hansı bir ərazidə tarixən sakin olmuş əhalinin etnik tərkibini elmi faktlarla əsaslandırır.
Dastanda rast gəldiyimiz “İç oğuz” anlayışı Kür-Araz ovalığında (Aran) yerləşən torpaqlar nəzərdə tutulur. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxildir. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi ərazilərini əhatə edirdi.
Dastanın elmi mahiyyəti tamamilə Azərbaycanın coğrafi bütövlüyünü göstərir. Dastanda əksini tapan milli adət-ənənə, etnoqrafiya, məişət, toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz ədəbi nümunələridir. Bayandır—Dədə Qorqud dastanlarında oğuzların başçısı Qamqan oğlu Bayandur xandır. Bu ad ümumi areal toponimlərdə indi də öz işləkliyini saxlamaqdadır. Türkiyənin Bolu bölgəsində 6, Hudavendiyarda 5 yerdə bu ideyanın təkrarı qeydə alınmışdır. Azərbaycanda da (Laçın, Bərdə, Tərtər) Bayandur tayfasının adı ilə bağlı toponim, oykonim, hidronim məkanlar vardır. Bayandur oykonimi Tərtər rayonunun Səhlaabad i.ə.v.-də kəndi Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistanda və Türkiyədə bu səpkidə olan Bayandur yaşayış məntəqələri Azərbaycan tarixi coğrafiyasının qalıqlarıdır. Bayandır adının kökü əski türk sözü olan “bay”dır. Mənası “varlı”, “zəngin” deməkdir. Bu coğrafi mənalar indi də saxlanılır. Hətta türk tədqiqatçısı Faruk Sumer Anadoluda Bayandur adlı 52 oykonimin olmasını qeyd etmişdir. Azərbaycanın şimal regionunda indi də milli dialektdə “bay” sözü — hündür/iri/böyük/canlı mənalarında qalmaqdadır. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində Bayandur etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan izləri də bu yerlərin məhz Azərbaycan torpaqları olduğunu sübut edir. Ermənistan ərazisində, Gorus rayonunda 2 Bayandur kəndi, Duzkənd rayonunda isə başqa bir Bayandur toponimi vardır.
Bütün türk dəyərlərində — “Altın-Arıq”da, “Kitabi-Dədə Qorqud”da, “Ural Batıı”da, “Manas”da, “Nart”da, “Koroğlu” da, “Alpamış”da, belə sosial həyatın tələblərini görmürük. Bir tayfada Ana üstünlüyünə, digər tayfada Ata üstünlüyünə rast gəlirik. 
Xakas tayfalarının milli dəyərlərində bu kimi mövzular ümumən ifadə edilsə də hər tayfada özünəxas irili-xırdalı ənənələr coğrafi dəyərlər müstəvisinə yeni rəng əlavə edir, yeni milli çalar qazandırır. Bu aspektdə “Altın - Arıq” göy qurşağının rəng çalarları, bütöv epos halında türk-Kızıl tayfasının milli ənənələrində qorunub saxlanmışdır. Və yaxud Azərbaycan-qazax tarixi-mədəni ortaq əlaqələri də olduqca zəngin və qədim tarixi-coğrafi keçmişə malikdir. Bu əlaqələrin tarixi-coğrafi kökləri də gəlib oğuz-qıpçaq folklor mədəniyyəti ilə bağlanır. Bunun bariz nümunəsini qazax arealında yaranmış “Qorqud” nəğmələrinin Azərbaycanda “Kitabi-Dədə Qorqud” halında formalaşmasıdır. Eyni zamanda, bu əlaqələr hər iki xalq üçün əhəmiyyətli olan oğuz — Nizami və qıpçaq — Afaq — daha doğrusu, Nizaminin sevimli xanımı Afaqla yaxınlığı müstəvisində, yaxud türk xalqlarının epos mədəniyyətində mühüm yer tutan “Koroğlu”nun timsalında da sübuta yetirilir.
Beləliklə, xüsusilə qeyd etmək lazımdır ki, qədim türk dünyasının formalaşmasında, tarixdən-tarixə inkişaf edib hazırkı dünyəviləşməsində Türkiyə türk birliyi coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da milli qardaşlıq simvolu və hərəkətverici qüvvəsidir.

H.T.Haqverdiyev,
AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutu Coğrafi fikir tarixi
şöbəsinin müdiri, c.ü.f.d.

          "Respublika" qəzeti, 09  oktyabr 2018

Respublka qəzeti