Akademikin pedaqoji fəaliyyətinə  aşağıdakı istiqamətlərdən  yanaşılmışdır:

1.Pedaqoji fəaliyyətinə təsir göstərən ilkin şərtlər

2.Azərbaycan  Respublikasının coğrafiyasına aid dərsliklərin yazılması  və bilavasitə pedaqoji fəaliyyəti.

3.Əsərləri,xəritələri ,pedaqoji jurnallarda çap etdirdiyi məqalələrindən tədrisdə  istifadə.

4.Elmi-pedaqoji kadrların hazırlanması istiqaməti

       Pedaqoji fəaliyyətinə təsir göstərən ilkin şərtlər.    Budaqov  İrəvanda, daha sonra Azərbaycanda  pedaqoji təhsil almasıdır .Moskvada aspiranturanı bitirərək ,Coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.Pedaqoji ixtisasla  elmi dərəcənin inteqrasiyasından  yaranan təhsil-elm əlaqəni  Akademik  bütün fəaliyyəti dövründə layiqli şəkildə davam etdirmişdir.Təhsil və elmin inteqrasiyasının  davamlı inkişafından digər pedaqoji istiqaməti yaranmışdır.

      İkinci istiqamət Budaqovun geniş şaxəli pedaqoji fəaliyyətini əhatə edir.O,1984-cü ildə BDU-nun professoru H.B.Əliyevlə şərikli 7-8-ci siniflər üçün “Azərbaycanın coğrafiyası”dərsliyini yazmışdır.Keçmiş sovet dövründə  Azərabaycanın  coğrafiyasına çox az saat ayrılırdı və elə  buna görə də  dərslikdə  ölkənin fiziki və iqtisadi coğrafiyası birləşdirilmişdir. Artıq müstəqillikdən sonra 1992-ci ildə Fiziki coğrafiya kafedrasının müdiri  Yaqub Qəribovla birlikdə yazdıqları  “Azərbaycanın fiziki   coğrafiyası” dərsliyi özünün yeniliyi , məzmunu, asan başa düşülən dildə yazılmış  xəritələr və diaqramlarla zənginləşdirilməsi və s.   ilə fərqlənirdi. Bu dərslik hər il yeniləşdirilərək 2014-cü ilə qədər şagirdlərin istifadəsində olmuşdur. Kitabın girişində Vətənə olan dərin məhəbbəti şagirdlərə aşılamaq üçün müəlliflər  göstərirlər ki,Azərbaycanın kiçik ərazisi olsa da, təbiətinin müxtəlifliyinə  və zənginliklərinə görə, sahəsi 5mln km² böyük  olan ərazilərdən qat-qat üstündür. Siz,sahəsi nisbətən kiçik ,təbii zənginlikləri nə qədər geniş vətənin gələcək sahiblərisiniz. Onun mühafizəsi və böyük düşüncə ilə istifadəsi tövsiyə edilir.

     Onun pedaqoji fəaliyyətində ali məktəblərin  xüsusilə, Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində coğrafiyanın nəzəri- konstruktiv kursları üzrə mühazirələr aparması  önəmli yer tuturdu. BDU-da prof. Şövqi Göyçaylının müdür olduğu Ekoloji coğrafiya kafedrasında xeyli müddət professor vəzifəsində çalışmışdır.  Akademik  heç vaxt özünün təhsil aldığı doğma Pedaqoji Universitetini unutmamış ,uzun illər onun fiziki coğrafiya kafedrasında tələbə və magistrantlara mühazirələr oxumuşdur. O, həmçinin Azərbaycan İctimai–siyasi kollecində Təbiət kafedrasının müduru işləmişdir.

      Akademik davamlı olaraq  Bakı Dövlət və Azərbaycan Pedaqoji Universitetlərində dövlət imtahan komissiyalarına ,diplom və magistr disertasiyalarının müdafiəsinə sədrlik etmişdir. Bütün bu fəaliyyəti müddətində tələbələrlə xoş rəftar, müdafiə olunan işlərə verdiyi dərin məzmunlu  izahatlar və sonda da obyektiv qiymətləndirməni  həmişə diqqət mərkəzində saxlamışdır.

      Onun pedaqoji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayaraq beynəlxalq səviyyəyə qalxmışdır.1992-ci ildə İran İslam Respublikasında, Təbriz Universitetinin coğrafiya fakültəsində “Coğrafiya elminin qlobal problemləri” mövzusunda Azərbaycan dilində mühazirələr oxumuşdur. Bu mühazirə lər fars dünyasında böyük rezonansa səbəb olmuşdur. Onun təşəbbüsü ilə Coğrafiya İnstitutunda yaradılmış Coğrafi fikir tarixi  və Geoinformatika şöbələri elm və təhsilin inkişafına xidmət edən bölmələrdəndir .  

       Akademikin pedaqoji fəaliyyətinin üçüncü istiqaməti əsərlərindən təhsildə elmi-pedaqoji kadrların hazırlığında istifadəsidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın bütün ərazisi üçün müxtəlif miqyaslı landşaft və ekocoğrafi xəritələr hazırlanması və aerokosmik xəritələrindən  istifadə edilməsi orta və ali məktəblərə böyük yeniliklər gətirmişdir.  Ölkənin təbiəti əfsanəvi dağları, eli-obası,təbiətinin  qoruması və s. aid çoxsaylı  yazdığı əsərləri geniş oxucu kütləsinin coğrafi maariflənməsində müstəsna rol oynamışdır. Özü də bu kitabları O, təkcə kabinetində oturub yazmamışdır. Bilavasitə təsvir etdiyi yerlərdə olmuş, məlumatlar toplayaraq yazdığına görə  məzmunlu və asan oxunuşludurlar .    Bu  sıradan olan elmi-populyar kitablarından “Azərbaycanın təbiət abidələri”, ”Ağsaqqal sözü”, ”Təbiəti qoruyaq”,  “Vətən yanğısı”, ”Oğuz eli”, Dağların həyatı”, ”Əfsanəvi dağlar” və doğma kəndi haqqında yazdığı  əsərləri xalqımızın coğrafi və ekoloji mədəniyyətinin inkişafı , təbiətə vətənpərvərlik baxışlarının  aşılanmasında ətraf mühitin qorunması və mühafizəsinin təbliğində əsas rol oynamışdır.   Ali və orta  məktəblərə yeni biliklər gətirən çoxsaylı məqalələri “Azərbaycan məktəbi “ jurnalında çap olunaraq ,geniş oxucu kütləsinə çatdırıldı. Azərbaycan xalqının ölkəmizdə və qonşu dövlətlər və hətta bütün dünyada yayıldığı yerlərin milli toponimləri və Dağlıq Qarabağın işğalı ilə bağlı  C.Ə.Əliyevlə “Türklər, Azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı  haqqında” təklikdə və şərikli yazdığı cild-cild kitabları, akademik Budaqovun  vətəni dərin məhəbbətlə sevməsini və bütün varlığının milli ruhda olmasının əsas göstəricisidir. Onun yaxından iştirakı ilə yaradılan və uzun illər rəhbərlik etdiyi Azərbaycan Coğrafiya Cəmiyyəti ölkənin elm və təhsil sahələrində çalışan böyük coğrafiyaçılar kütləsini öz ətrafında birləşdirərək ,hazırda da fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

      Sonuncu istiqamət elmi-pedaqoji kadr hazırlığı sahəsini əhatə edir. Akademikin uzun illər rəhbəri olduğu AMEA–nın Coğrafiya İnstitutu ölkəmizin elmi kadr hazırlığının məbədi olmuş və məbədi olaraq fəaliyyətini davam etdirir. Demək olar ki, hazırda bu konfransda iştirak edən və etməyən bütün coğrafiya elmləri namizədi və elmləri doktorları məhz Budaqovun, hazırda isə akad. Ramiz Məmmədovun rəhbərlik etdikləri Dissertasiya  Şurasının fəaliyyətinin nəticəsidir. Şurada müdafiə edənlərin sırasında az da olsa coğrafiya sahəsində pedaqoji elmlər üzrə də müdafiə edənlər olmuşdur. Lakin ölkəmizdə təhsilin sürətlə inkişafı onun yeni-yeni formalarının yaradılması pedaqoji kadrlara tələbatı kəskin sürətdə artmışdır. Belə artım BDU-nun Coğrafiya  fakültəsində fəaliyyət göstərən müəllimlik ixtisasında də baş vermişdir. Yaranmış reallığın müqabilində ölkədə coğrafiyanın tədris metodikası üzrə kadr hazırlığına ciddi diqqət yetirilməlidir..Yeri gəlmişkən elə AMEA-nın magistratura hazırlığında da pedaqoji kadrlara tələbat artacaqdır.

    Beləliklə ,uzun illər Azərbaycanda Coğrafiya elminin təşkili və inkişafında böyük xidmətləri olmuş, yaratdığı əsərləri ilə ölkəyə böyük fayda vermiş və millətə vətənpərvərlik ruhu aşılamış akademik  Budaq  Budaqovun pedaqoji fəaliyyəti çoxşaxəli və gəncliyə yeniliklər gətirən istiqamətlərdən olmuşdur.

 

T.G.Həsənov,
BDU-nun  kafedra müdiri,
 c.ü.e.d., professor
                   tapdiqhasan@mail/ru

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024